Damar genişlənməsinin müalicə və profilaktikasında varikoz corablar mühüm yer tutur. Onlar sıxıcı təsir nəticəsində venalarda qan axınını yaxşılaşdırır. Bunun sayəsində ayaqlarda şişkinlik, ağırlıq və ağrı hissi xeyli azalır.
Varikoz corablar kimə lazımdır? Varikoz xəstəliyi üzrə risk qrupuna daxil olan insanlarda damar genişlənməsinin yaranma ehtimalı yüksəkdir. Bu baxımdan damar həkimləri onlara varikoz corablar məsləhət görürlər. Risk qrupuna aşağıdakı insanlar daxildir:
Ayaqüstü və ya oturaq işlə məşğul olan
Hamilələr
Yaxın qohumları varikozdan əziyyət çəkən
Artıq çəkili
Peşəkar idmançılar
Təyyarə və ya maşınla səyahət edənlər
Varikoz corablar alarkən nəyə diqqət edilməlidir? Damar corabları sıxılma dərəcəsinə görə 4 sinifə bölünür. 1-ci sinif corablar ayaqlara daha az təzyiq göstərir, onlardan xəstəliyin ilkin mərhələsində və ya əməliyyatdan sonra profilaktik məqsədlə istifadə olunur. 2 və 3-cü sinif - varikoz damar genişlənməsinin irəliləmiş mərhələlərində məsləhət görülür. 4-cü sinif (maksimal təzyiq) - ağır gedişli vena xəstəliklərində və limfostaz zamanı tövsiyə olunur.
Varikoz corablar ya elastiki bint? Aptekdə satılan ellastiki bint qiymətinin ucuz olması ilə diqqət çəkə bilər. Amma damar corabları ilə müqayisədə onun bir sıra çatışmazlıqları vardır:
Binti ev şəraitində düzgün sarımaq və bununla ayaqlara lazımı təzyiqi təmin etmək mümkünsüzdür.
Aktiv hərəkət zamanı bint sürüşərək, müalicəvi təsirini itirir.
Xarici görünüşü qeyri-estetikdir.
Varikoz corablar necə istifadə olunmalıdır? Corabın effekt verməsi üçün aşağıdakı qaydalara riayət edin:
Həkimin tövsiyə etdiyi müddətdə səhər yuxudan oyandıqda geyinib, yalnız axşam yatanda çıxarın.
Corab alarkən ölçünün düzgün götürülməsinə fikir verin.
Paltaryuyan maşında deyil, əldə yuyun. İsidicilərin üzərində qurutmayın.
Corabların müxtəlif sinif və modelləri (kolqotka, çulki, qolf) olduğundan onları özbaşına seçmək məsdədəuyğun sayılmır. Bunun üçün damar həkiminə müraciət etməyiniz məsləhətdir.