Fleboloq - venalar üzrə mütəxəssisdir. Onlar venoz xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olurlar. Fleboloq həm də damar cərrahı deməkdir. Sadəcə fleboloqa varikoz damar genişlənməsi ilə daha çox müraciət edilir.
Nə üçün fleboloq müayinəsi vacib sayılır? Qan orqanizmdə qapalı sikl üzrə dövr edir. Aşağı ətraf venalarının funksional pozğunluqlarında qanın ayaqlardan ürəyə doğru axını pozulur. Nəticədə qan aşağı ətraflarda toplanır, bu isə damarların genişlənməsinə səbəb olur. Beləliklə, varikoz damar genislenmesi yaranır.
Xəstəlik vaxtında müalicə olunmadıqda tromblaşma ehtimalı yüksəlir. Trombun damar divarından qopması isə həyat üçün təhlükəli hal sayılır. Bu səbəbdən ayaqda narahatlıq olduqda vaxt itirmədən damar hekimi ilə əlaqə saxlanılmalıdır.
Hansı hallarda fleboloq qəbuluna yazılmaq lazımdır?
ayaqlarda ağırlıq və yorğunluq
baldır əzələlərində gecə qıcolmaları
ayaqda şişkinlik
venaların gözlə görünəcək formada genişlənməsi
aşağı ətraflarda ağrı və yanğı hissi
damar ulduzcuqları, kapilyar torları, venoz düyünlərin əmələ gəlməsi
Kimlərə fleboloq tərəfindən nəzarət olunmalıdır? Bir sıra insanlarda varikoz xəstəliyinin yaranma ehtimalı yüksək olduğundan onlar vaxtaşırı fleboloq müayinəsindən keçməlidir. Bu risk qrupuna aşağıdakı şəxslər daxildir:
yaxın qohumları venoz xəstəlikdən əziyyət çəkənlər
yaşlı insanlar
az hərəkətli həyat tərzi sürənlər
oturaq işlə məşğul olan və ya əksinə ayaq üstə çox qalan peşə sahibləri (bərbər, satıcı, cərrah və s.)
artıq çəkisi olanlar
hamilə qadınlar
Hansı yaşdan etibarən fleboloq müayinəsinə getmək lazımdır? Sağlamlığı qorumaq üçün 30 yaşdan başlayaraq, ildə 1 dəfə fleboloqun baxışı tövsiyə olunur. Amma yuxarıdakı risk amilləri varsa, onda daha erkən yaşlardan profilaktik müayinələr məsləhətdir. Belə ki, xəstəliyin müalicəsinə nə qədər tez başlanılarsa, onu sağaltmaq bir o qədər asan olur.